Cəmiyyətin Qərarları haqqında
30 mart 2019-cu il tarixində Şamaxı şəhərində Azərbaycan Otorinolarinqologiya Cəmiyyəti idarə heyətinin geniş tərkibli ilk iclası keçirilmişdir. İclasda təsisçilər, idarə heyətinin üzvləri, müxtəlif müəssisələrdə çalışan otorinolarinqoloqlar iştirak etmişlər. İclası giriş sözü ilə açan AOC sədri Prof. Dr. Nazim Hüseynov iştirakçıları salamladıqdan sonra cəmiyyətin qurulması, məram və məqsədi haqda məlumat vermiş, bütün həmkarlarımızı əl-ələ verərək AOC-un işində aktiv iştirak etməyə çağırmışdır. Sonra, AOC idarə heyətinin üzvü Dos.Dr. Ramil Həşimli cəmiyyətin fəaliyyət planı, strukturu, planlaşdırılan işləri özündə ehtiva edən geniş təqdimatla çıxış etmişdir. İclasın gedişində AOC-un əsas elmi fəaliyyətinin Qulaq-burun-boğaz məktəbləri vasitəsilə aparılması qərara alınmış, QBB məktəblərinin idari strukturu müzakirə olunmuş və Uzm.Dr. Hafiz Mehdiyevin sədrliyi ilə idarə heyətinin tərkibi təsdiq edilmişdir. Bundan başqa Nəzarət-təftiş komitəsinin tərkibi səsə qoyularaq T.e.ü.e.d. Fuad Qurbanovun sədrliyi ilə təsdiq olunmuşdur. AOC loqosu ətrafında geniş disskusiya aparılmış, təqdim olunan loqonun kiçik dəyişikliklərlə təqdim olunması qərara alınmışdır.
İclasın təşkil edilməsinə göstərdikləri köməyə görə Abdi-İbrahim ilaç şirkətinə təşəkkür edilmişdir.